Qısaca
WolkPos-un satış, anbar və mühasibat məlumatları sizin kompüterinizdə saxlanır və bizə göndərilmir. Bu sayt cookie, analitika və izləmə vasitələrindən istifadə etmir.
Sayt
wolkpos.com statik saytdır: burada qeydiyyat, forma, cookie, reklam və analitika yoxdur, şriftlər və skriptlər başqa serverlərdən yüklənmir.
Seçdiyiniz tema (gündüz və ya gecə) və bağladığınız dil təklifi yalnız brauzerinizin yaddaşında (localStorage) saxlanır və heç yerə göndərilmir.
Veb-server sorğuya cavab vermək üçün IP ünvanınızı texniki olaraq görür, amma sayt ziyarətlər barədə jurnal aparmır.
Proqram lisenziya serverinə nə göndərir
Proqram yalnız lisenziya üçün lisenziya serverinə (lisenziya.wolkpos.com) qoşulur: sınağı başladanda, açarı aktivləşdirəndə və gündəlik yoxlamada. Bu zaman göndərilir:
- kompüterin kodu: kompüterin avadanlığından hesablanan hash, məsələn
A1B2-C3D4-E5F6-7890; - kompüterin adı: Windows-da təyin olunan ad;
- proqramın versiyası;
- lisenziya açarı: aktivləşdirəndə və yoxlayanda;
- şirkətin adı: yalnız sınağı başladanda.
Server sorğunun gəldiyi IP ünvanını da qeyd edir.
Nə göndərilmir
Satışlar, çeklər, məhsullar, qiymətlər, müştərilər, borclar, pul hesabları, istifadəçilər və parollar kompüterinizdən çıxmır. WolkPos bu məlumatlara çıxış əldə etmir.
Məlumatlar nə üçün istifadə olunur
Lisenziyanı vermək və yoxlamaq, sınağın hər kompüterə bir dəfə verilməsinə nəzarət etmək, kompüter dəyişikliyi sorğularını təsdiqləmək və sui-istifadənin qarşısını almaq üçün.
Yeni sınaq, aktivləşdirmə və kompüter dəyişikliyi sorğusu barədə WolkPos əməkdaşına Telegram vasitəsilə qısa bildiriş gedir. Bildirişdə şirkətin adı, lisenziyanın nömrəsi, kompüterin adı və kodu, IP ünvanı olur.
Bu məlumatlar satılmır və reklam üçün istifadə olunmur.
Ehtiyat nüsxələr
Proqram bazanın ehtiyat nüsxəsini sizin kompüterinizdə çıxarır və 14 gün saxlayır. Lisenziya serverinin bazasının ehtiyat nüsxələri serverdə 30 gün saxlanır.